Hüquqi məlumat
İstifadə şərtləri
Ağıllı Mühasib, agillimuhasib.com
Versiya 1.0 · Qüvvəyə minmə tarixi: 11.11.2026
Mündəricat
- 01 1. Tərəflər və şərtlərin qəbulu
- 02 2. Xidmətin təsviri
- 03 3. Hesab və istifadəçilər
- 04 4. Abunəlik və ödəniş
- 05 5. Pulun qaytarılması
- 06 6. Müştərinin məlumatı
- 07 7. Üçüncü şəxslərə aid məlumatlar
- 08 8. Uçot və vergi məsuliyyəti
- 09 9. Qadağan olunan istifadə
- 10 10. Əlçatanlıq və dəstək
- 11 11. Məsuliyyətin həddi
- 12 12. Fikri mülkiyyət
- 13 13. Xidmətin dayandırılması və ləğvdən sonra
- 14 14. Şərtlərin dəyişməsi
- 15 15. Tətbiq olunan hüquq, dil və mübahisələr
1. Tərəflər və şərtlərin qəbulu
1.1. Bu Şərtlər bir tərəfdən Ağıllı Mühasib xidmətini göstərən fərdi sahibkar Fətəliyeva Mənsurə (VÖEN 1606038922, bundan sonra “Operator”), digər tərəfdən xidmətə abunə olan biznes (bundan sonra “Müştəri”) arasında münasibətləri tənzimləyir.
1.2. Operatorun rekvizitləri:
| Məlumat | Dəyər |
|---|---|
| Ad, soyad, ata adı | Fətəliyeva Mənsurə Eldar qızı |
| Statusu | Fərdi sahibkar |
| VÖEN | 1606038922 |
| Telefon | +994 10 379 92 59 |
| Elektron poçt | contact@agillimuhasib.com |
| Sayt | agillimuhasib.com |
1.3. Şərtlər panelə dəvətin qəbulu zamanı, müvafiq xanaya işarə qoymaqla elektron qaydada qəbul edilir. Sistem qəbulun tarixini, vaxtını və Şərtlərin versiyasını qeyd edir.
1.4. Şərtləri biznes adından qəbul edən şəxs bunu etmək üçün səlahiyyətə malik olduğunu təsdiq edir.
1.5. Xidmət biznes istifadəsi üçündür. Müştərinin hesabını yalnız 18 yaşı tamam olmuş şəxs aça bilər. Müştəri panelə yalnız 16 yaşı tamam olmuş işçilərini dəvət edə bilər.
1.6. Fərdi məlumatların işlənməsi qaydaları Məxfilik siyasəti ilə müəyyən edilir. Şərtlərlə Məxfilik siyasəti arasında uyğunsuzluq olduqda, fərdi məlumatlar üzrə Məxfilik siyasəti, digər bütün məsələlər üzrə bu Şərtlər tətbiq edilir.
1.7. Operatorla Müştəri arasında ayrıca yazılı müqavilə bağlandıqda, həmin müqavilənin bu Şərtlərdən fərqlənən müddəaları tətbiq edilir. Müqavilədə tənzimlənməyən məsələlərə bu Şərtlər şamil olunur.
2. Xidmətin təsviri
2.1. Ağıllı Mühasib buludda yerləşən uçot sistemidir. Müştəri brauzer vasitəsilə panelə daxil olur, proqram quraşdırmağa ehtiyac yoxdur.
2.2. Sistem satış, stok, xərc, nisyə borcları, maya dəyəri və hesabatların bir panel üzərindən aparılmasını təmin edir.
2.3. Müştəriyə hansı modulların açıq olduğunu Operator abunə planına və Müştəri ilə razılaşmaya uyğun olaraq müəyyən edir. Açılmayan modullar paneldə görünmür və razılaşma ilə sonradan açıla bilər.
2.4. Qurulma, mövcud məlumatların Excel-dən Operatorun komandası tərəfindən köçürülməsi və komandanın təlimi abunə qiymətinə daxildir. Köçürmədən sonra Müştəri qalıqları və əsas göstəriciləri yoxlayır və uyğunsuzluq gördükdə Operatora bildirir.
2.5. Operator Müştəriyə ödəniş xatırlatmalarını, texniki işlər, yeniliklər və təhlükəsizliklə bağlı bildirişləri hesab elektron poçtu, WhatsApp və panel daxilindəki elanlar vasitəsilə göndərir. Bəzi vacib elanlar üçün Operator oxunduğunun təsdiqini istəyə bilər.
2.6. Operator xidmətin funksionallığını inkişaf etdirə, dəyişdirə və ayrı-ayrı funksiyaları ləğv edə bilər. Müştərinin istifadə etdiyi funksionallığı əhəmiyyətli dərəcədə azaldan dəyişiklik barədə ən azı 15 təqvim günü əvvəlcədən bildiriş verilir.
3. Hesab və istifadəçilər
3.1. Biznesin sahibi öz işçilərini elektron poçt dəvəti ilə panelə əlavə edir, onlara rol təyin edir və istənilən vaxt onların girişini dayandıra bilər. Hər rolun paneldə nəyi görüb nəyi dəyişə biləcəyini rol müəyyən edir.
3.2. Hər istifadəçi öz giriş məlumatlarının məxfiliyini qorumağa borcludur. Giriş məlumatları üçüncü şəxslərə verilə bilməz.
3.3. Müştərinin hesabı altında həyata keçirilən bütün əməliyyatlar Müştəriyə aid sayılır. Giriş məlumatlarının ələ keçirildiyi barədə şübhə yarandıqda Müştəri dərhal Operatoru məlumatlandırmalıdır.
3.4. İşdən çıxan işçinin panelə girişini vaxtında dayandırmaq Müştərinin vəzifəsidir.
3.5. Hər biznes yalnız öz məlumatlarını görür. Operatorun komandası Müştərinin satış, xərc və gəlir göstəricilərinə çıxış imkanına malik deyil. Server inzibatçısının texniki çıxışı Məxfilik siyasətinin 10-cu bölməsi ilə tənzimlənir.
3.6. İki mərhələli giriş Operatorun inzibatçı hesabları üçün məcburidir. Müştərinin istifadəçiləri üçün isə istəyə görədir, onun qoşulması tövsiyə olunur.
4. Abunəlik və ödəniş
4.1. Abunəlik aylıqdır və hesab-faktura əsasında ödənilir. Qiymət biznesin həcmindən və seçilmiş plandan asılı olaraq müəyyən edilir və abunəliyin başlanmasından əvvəl Müştəri ilə razılaşdırılır.
4.2. Hesab-faktura Azərbaycan manatı ilə tərtib edilir. Azərbaycandan kənarda olan Müştərilərlə başqa valyuta ayrıca razılaşdırıla bilər.
4.3. Ödəniş hesab-fakturada göstərilən bank hesabına köçürmə, nağd və ya kart terminalı ilə qəbul edilir. Kart məlumatları Operatorun sistemlərinə daxil olmur. Onlayn kartla ödəniş əlavə edildikdə bu bənd yenilənir.
4.4. Operator hər təqvim ayı üzrə göstərilən xidmətə görə vergi qanunvericiliyinə uyğun olaraq elektron qaimə-faktura təqdim edir. Bunun üçün Müştəri öz VÖEN-ini və tam adını abunəliyin başlanmasından əvvəl təqdim edir.
4.5. Ödənişin son tarixindən əvvəl və sonra Müştəriyə xatırlatma göndərilir, panelində xəbərdarlıq görünür.
4.6. Ödənişin son tarixi keçdikdə 10 (on) təqvim günü güzəşt müddəti verilir. Ayrıca razılaşma ilə bu müddət dəyişdirilə bilər.
4.7. Güzəşt müddəti bitdikdən sonra panel yalnız baxış rejiminə keçirilə bilər. Bu halda:
- Müştərinin məlumatları silinmir;
- məlumatlara baxış və onların ixracı açıq qalır;
- yeni qeyd yaratmaq və mövcud qeydləri dəyişmək mümkün olmur;
- ödəniş qeydə alındıqdan sonra panel avtomatik bərpa olunur.
4.8. Qiymətin dəyişdirilməsi barədə ən azı 30 təqvim günü əvvəlcədən bildiriş verilir. Dəyişiklik artıq ödənilmiş dövrə təsir etmir. Müştəri yeni qiymətlə razılaşmadıqda abunəliyi dayandıra bilər.
4.9. Ödənişin gecikdirilməsinə görə Operator qanunvericiliklə nəzərdə tutulmuş faizləri tələb etmək hüququnu saxlayır.
5. Pulun qaytarılması
5.1. Ödənilmiş abunə haqqı geri qaytarılmır.
5.2. Bu qaydadan istisna: xidmət Operatorun təqsiri üzündən bir təqvim ayı ərzində ardıcıl 72 saatdan çox işləmədikdə, Müştərinin tələbi ilə həmin ay üçün ödənilmiş abunə haqqı tam və ya mütənasib qaydada geri qaytarılır və ya abunəlik həmin müddət qədər uzadılır.
5.3. Müştəri abunəliyi öz istəyi ilə ay ərzində dayandırdıqda, qalan günlər üçün yenidən hesablama aparılmır.
6. Müştərinin məlumatı
6.1. Müştərinin panelə daxil etdiyi bütün məlumatlar Müştəriyə məxsusdur. Operator bu məlumatlar üzərində mülkiyyət hüququ iddia etmir.
6.2. Müştəri istənilən vaxt öz məlumatlarını CSV formatında ixrac edə bilər. İxrac imkanı yalnız baxış rejimində də açıq qalır.
6.3. Operator Müştərinin məlumatlarını yalnız xidmətin göstərilməsi üçün istifadə edir, onları satmır və reklam məqsədi ilə üçüncü şəxslərə vermir.
6.4. Operator məlumatların gündəlik ehtiyat nüsxəsini yaradır. Bununla yanaşı, Müştəriyə vacib məlumatlarını vaxtaşırı ixrac edib saxlamağı tövsiyə edirik.
6.5. Panel istifadəçilərin əməliyyatlarını audit jurnalında qeyd edir. Bu jurnal təhlükəsizlik və mübahisələrin yoxlanması üçün istifadə olunur.
7. Üçüncü şəxslərə aid məlumatlar
7.1. Müştəri panelə öz müştərilərinə, işçilərinə və digər üçüncü şəxslərə aid fərdi məlumatlar daxil etdikdə, həmin məlumatlar üzrə mülkiyyətçi Müştərinin özüdür. Operator yalnız operator qismində çıxış edir.
7.2. Müştəri təsdiq və zəmanət edir ki, həmin məlumatları qanunvericiliyə uyğun olaraq və zəruri hüquqi əsasla toplamışdır, həmin şəxsləri məlumatların işlənməsi, işlənmə məqsədi və onların hüquqları barədə xəbərdar etmişdir və bu məlumatların sistemdə saxlanılması üçün lazım olan bütün hüquqi əsaslara malikdir.
7.3. Üçüncü şəxslərin bu məlumatlarla əlaqədar irad, tələb və iddiaları ilk növbədə Müştəriyə ünvanlanır. Operatora qarşı belə tələb irəli sürüldükdə Müştəri Operatorun çəkdiyi məhkəmə və hüquqi yardım xərclərini, tətbiq edilmiş inzibati cərimələri və ödənilmiş zərəri əvəz edir.
7.4. Üçüncü şəxs Operatora müraciət etdikdə, Operator müraciəti Müştəriyə ötürür. Müştəri 5 (beş) iş günü ərzində yazılı mövqeyini bildirməlidir. Müştəri bu müddətdə cavab vermədikdə və ya müraciətin qanuni əsaslı olduğu açıq-aydın olduqda, Operator həmin məlumata çıxışı məhdudlaşdırmaq və ya onu arxivə köçürmək hüququnu özündə saxlayır. Bu hərəkət Operatorun müqavilə pozuntusu sayılmır.
7.5. Müştəri paneldən öz müştərilərinə borc xatırlatması və ya başqa mesaj göndərdikdə, mesaj Müştərinin adından göndərilir. Mesajın məzmununa və alıcıdan lazım olan razılığın alınmasına Müştəri cavabdehdir.
8. Uçot və vergi məsuliyyəti
8.1. Ağıllı Mühasib uçot alətidir. Operator mühasibat, vergi, hüquqi və ya maliyyə məsləhəti vermir.
8.2. Sistemə daxil edilən məlumatların düzgünlüyünə, tamlığına və vaxtında daxil edilməsinə görə məsuliyyət Müştərinin üzərindədir.
8.3. Sistemin apardığı hesablamalar və hazırladığı hesabatlar köməkçi xarakter daşıyır. Vergi bəyannamələrinin, maliyyə hesabatlarının və digər rəsmi sənədlərin düzgünlüyünə və vaxtında təqdim edilməsinə görə məsuliyyət tam olaraq Müştəriyə aiddir.
8.4. Operator sistemdən alınan rəqəmlərin əsasında qəbul edilmiş qərarlara və onların nəticələrinə görə məsuliyyət daşımır.
9. Qadağan olunan istifadə
9.1. Xidmətdən istifadə zamanı aşağıdakılar qadağandır:
- qanunvericiliyi pozan fəaliyyət üçün sistemdən istifadə etmək;
- sistemin təhlükəsizlik mexanizmlərini yan keçməyə cəhd etmək, başqa biznesin məlumatlarına icazəsiz giriş əldə etməyə çalışmaq;
- sistemin kodunu tədqiq etmək, surətini çıxarmaq, dəyişdirmək və ya oxşar məhsul yaratmaq məqsədi ilə istifadə etmək;
- giriş məlumatlarını üçüncü şəxslərlə bölüşmək və ya xidməti üçüncü şəxslərə yenidən satmaq;
- sistemin işini pozan və ya ona həddindən artıq yük yaradan avtomatlaşdırılmış sorğular göndərmək;
- həssas kateqoriyadan olan fərdi məlumatları, o cümlədən sağlamlıq və əqidə haqqında məlumatları panelə daxil etmək;
- dəstək çatı və ya panel vasitəsilə zərərli fayl göndərmək.
9.2. Bu bəndin pozulması hallarında Operator Müştəriyə xəbərdarlıq edir və pozuntunun aradan qaldırılmasını tələb edir. Sistemin təhlükəsizliyinə və ya digər Müştərilərə təhlükə yaradan ciddi pozuntu olduqda Operator hesabı xəbərdarlıq etmədən dərhal dayandıra bilər.
10. Əlçatanlıq və dəstək
10.1. Xidmət “olduğu kimi” əsasında göstərilir. Operator zəmanətli əlçatanlıq göstəricisi (SLA) təqdim etmir.
10.2. Planlı texniki işlər barədə Operator mümkün olduqda panel daxilində elan və ya elektron poçt vasitəsilə əvvəlcədən bildiriş verir.
10.3. Dəstək panel daxilindəki “Dəstək” bölməsi, WhatsApp, elektron poçt və telefon vasitəsilə göstərilir.
10.4. Dəstək hər gün 09:00-dan 01:00-dək (Bakı vaxtı) işləyir. Bu saatlardan kənar göndərilən müraciətlər qəbul edilir və növbəti iş saatlarında baxılır.
10.5. Müraciətlərə 24 saat ərzində cavab vermək hədəfimizdir. Bayram günlərində bu müddət 48 saata qədər uzana bilər. Bu müddətlər, eləcə də marketinq və tanıtım materiallarında göstərilən cavab müddətləri hədəf xarakteri daşıyır, Operatorun daxili iş standartını əks etdirir və müqavilə öhdəliyi yaratmır. Operator dəstək müraciətlərinə əsaslı şəkildə mümkün olan ən qısa müddətdə cavab verir.
10.6. Dəstəyə sistemin işində aşkar edilən xətaların aradan qaldırılması və istifadə üzrə izahat daxildir. Müştərinin uçot işinin aparılması, sənədlərinin doldurulması və hesabatlarının hazırlanması dəstəyə daxil deyil.
11. Məsuliyyətin həddi
11.1. Operatorun bu Şərtlər üzrə ümumi maddi məsuliyyəti tələbin yarandığı tarixdən əvvəlki 3 (üç) ay ərzində Müştərinin faktiki ödədiyi abunə məbləği ilə məhdudlaşır.
11.2. Operator dolayı zərərə, əldən çıxmış faydaya, gözlənilən gəlirin itirilməsinə və reputasiya zərərinə görə məsuliyyət daşımır.
11.3. Operator aşağıdakı hallara görə məsuliyyət daşımır:
- Müştərinin və ya onun istifadəçilərinin hərəkətləri nəticəsində yaranan nasazlıqlar və məlumat itkisi;
- giriş məlumatlarının Müştəri tərəfindən qorunmaması nəticəsində yaranan hallar;
- internet bağlantısı, server provayderi və digər üçüncü tərəf xidmətlərinin nasazlıqları;
- Müştərinin sistemə daxil etdiyi məlumatların yanlışlığı.
11.4. Bu bölmə qanunvericiliklə məhdudlaşdırılması mümkün olmayan məsuliyyətə, o cümlədən qəsdən vurulmuş zərərə şamil edilmir.
12. Fikri mülkiyyət
12.1. Sistemin proqram təminatı, mənbə kodu, dizaynı, adı və loqosu üzrə bütün hüquqlar Operatora məxsusdur.
12.2. Müştəriyə abunəlik müddəti ərzində sistemdən istifadə üzrə qeyri-eksklüziv, başqasına ötürülə bilməyən hüquq verilir. Sistemin özü Müştəriyə satılmır.
12.3. Müştərinin panelə daxil etdiyi məlumatlar bu bəndə şamil edilmir və Müştəriyə məxsus olaraq qalır.
12.4. Müştərinin xidmətin təkmilləşdirilməsi ilə bağlı təklif və rəyləri Operator tərəfindən heç bir öhdəlik yaratmadan istifadə edilə bilər.
13. Xidmətin dayandırılması və ləğvdən sonra
13.1. Müştəri istənilən vaxt, səbəb göstərmədən abunəliyi dayandıra bilər. Dayandırma cari abunə dövrünün sonunda qüvvəyə minir.
13.2. Operator Şərtlərin pozulması, ödənişin güzəşt müddətindən sonra da edilməməsi və ya qanunvericiliyin tələbi hallarında xidməti dayandıra bilər.
13.3. Abunəlik bitdikdən sonra panel yalnız baxış rejimində qalır, məlumatların ixracı açıqdır və məlumatlar avtomatik silinmir. Müştəri ödənişi bərpa etdikdə panel bütün məlumatlarla birlikdə tam rejimə qayıdır.
13.4. Abunəlik bitdikdən 12 ay sonra Operator, hesab elektron poçtuna 30 təqvim günü əvvəl xəbərdarlıq göndərməklə, Müştərinin iş məlumatlarını silə bilər.
13.5. Müştərinin yazılı tələbi ilə iş məlumatları 7 iş günü ərzində aktiv sistemdən silinir. Ehtiyat nüsxələrdən çıxması 90 günə qədər çəkir.
13.6. Vergi və mühasibat qanunvericiliyinə görə saxlanılması məcburi olan sənədlər, o cümlədən hesab-fakturalar və ödəniş sənədləri, bu müddətlərdən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş müddətə saxlanılır.
14. Şərtlərin dəyişməsi
14.1. Operator bu Şərtlərə dəyişiklik edə bilər. Dəyişiklik barədə hesab elektron poçtu vasitəsilə və panel daxilində bildiriş göndərilir.
14.2. Dəyişiklik bildiriş göndərildiyi tarixdən 15 təqvim günü sonra qüvvəyə minir. Qiymət dəyişiklikləri barədə bildiriş 30 təqvim günü əvvəlcədən verilir.
14.3. Müştəri həmin müddət ərzində etiraz etmədən xidmətdən istifadəni davam etdirdikdə dəyişiklik qəbul edilmiş sayılır.
14.4. Müştəri dəyişikliklə razılaşmadıqda, qüvvəyə minmə tarixinə qədər abunəliyi dayandırmaq və məlumatlarını ixrac etmək hüququna malikdir.
14.5. Şərtlərin bütün əvvəlki versiyaları qüvvədə olduğu tarixlər göstərilməklə arxivdə saxlanılır. Müştəri öz hesabı üzrə hansı versiyanı nə vaxt qəbul etdiyini panel daxilində görə bilər.
15. Tətbiq olunan hüquq, dil və mübahisələr
15.1. Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
15.2. Mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll edilir. Razılıq əldə edilmədikdə, mübahisələrə Bakı şəhərinin müvafiq məhkəməsində baxılır.
15.3. Şərtlərin Azərbaycan dilindəki mətni rəsmi mətndir. Rus və ingilis dillərindəki mətnlər tərcümədir və uyğunsuzluq olduqda Azərbaycan dilindəki mətn tətbiq edilir.
15.4. Müştərinin qeydiyyatda olduğu ölkənin məcburi hüquq normalarının tətbiq edilməsi tələb olunduğu hallarda həmin normalar öz qüvvəsini saxlayır.
15.5. Avropa İttifaqında qeydiyyatda olan Müştərilərə xidmət göstərildiyi hallarda əlavə şərtlər ayrıca Əlavə ilə müəyyən edilir. Həmin Əlavə qüvvəyə minənə qədər Operator Avropa İttifaqında yerləşən Müştərilərə xidmət göstərmir.
15.6. Operator öz hüquq və öhdəliklərini təsis etdiyi və ya nəzarətində olan hüquqi şəxsə təhvil verə bilər. Belə halda Müştəriyə 15 təqvim günü əvvəlcədən bildiriş verilir, xidmətin şərtləri dəyişmir və yeni şəxs bu Şərtlər üzrə bütün öhdəlikləri olduğu kimi öz üzərinə götürür.
15.7. Əlaqə üçün: contact@agillimuhasib.com, +994 10 379 92 59 və ya paneldəki “Dəstək” bölməsi.